USD/JPY qiymətində yeni artım dalğası

18 Oktyabr 2017

Şimali Koreya höküməti tərəfindən nüvə müharibəsi ilə bağlı xəbərdarlığı Asiya bazarlarında dolların bahalaşmasına təsir edib.

USD/JPY qiymətində yeni artım dalğası

Yaponiya maliyyə bazarlarında USD/JPY bahalaşmağa başlayıb. Cari həftənin başlaması ilə dollar/yen məzənnəsi 111.65 yendən 112.47 yenə kimi sürətlə bahalaşdıqdan sonra Amerika sessiyasında qismən ucuzlaşsa da, bu gün artım dalğası Avropa sessiyasının açılması ilə yenidən sürətlənib. 

Şimali Koreya nümayəndəsi Kim İn Ryonq Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxışı zamanı nüvə müharibəsinin başlaya biləcəyi xəbərdarlığı etməsi, Asiya bazarlarında dollara olan tələbin artmasına səbəb olub. "Şimali Koreyada vəziyyət təhlükəli səviyyəyə çatıb və nüvə müharibəsi hər an başlaya bilər. Dünyada heç bir ölkə Amerika tərəfindən uzun müddətli ciddi və birbaşa təhdid edilməyib", deyə Kim İn Ryonq bazar ertəsi BMT-də çıxışı zamanı vurğulayıb. 

USD/JPY valyuta cütlüyü qiymətinin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, 112.54 yen və 112.98 yen səviyyələrinin yuxarı istiqamətdə qırılması ilə bahalaşma trendi 113.43 və 113.94 yenə kimi də davam edə bilər. 

Qeyd etmək lazımdır ki, Yaponiyada baş nazir Şinzo Abenin növbədənkənar seçkilərin keçirilməsi (oktyabrın 22-si) qərarı da diqqət mərkəzində olan hadisələr arasındadır. Mütəxəssislərin fikrincə, baş nazir son zamanlar ona olan etimadın artmasından və müxalifətin zəifləməsindən faydalanaraq, parlamentdə üstünlüyünü möhkəmləndirmək və hakimiyyət dövrünü uzatmaq istəyir. Abe özü isə açıqlamasında Şimali Koreyaya qarşı sərt siyasət üçün güclü siyasi dəstəyə ehtiyac olduğunu bildirir. Eyni zamanda, baş nazir ilin sonuna kimi iki trilyon yen həcmində iqtisadi islahat proqramını həyata keçirmək istəyir. Yaponiya iqtisadiyyatı yüksək borc və əhalisinin qocalmasından əziyyət çəkir.