USD/TRY: Türkiyəyə “CAATSA” tətbiq edilə bilərmi?

19 İyul 2019

S-400-lərin çatdırılmasının ardından ABŞ-dan ehtimal olunan sanksiya risklərinə qarşı lirədə treyderlərin ehtiyatlı davrandığı sezilir.

USD/TRY: Türkiyəyə “CAATSA” tətbiq edilə bilərmi?

Lakin son xəbərlər sanksiya ehtimallarını azaldır. Bu da lirənin qiymətlərinə müsbət təsir edir. 

ABŞ prezidenti Tramp dünənki açıqlamasında hazırda Türkiyəyə sanksiya düşünülmədiyini ifadə etdi və bu açıqlamadan sonra lirə maliyyə bazarlarında bahalaşma meylləri yaratdı. 5.61 hədlərinə qədər geriləyən USDTRY cütlüyü daha sonra yenidən 5.68 hədlərinə qədər yüksəldi. 

Tramp hazırda Türkiyəyə sanksiya düşünülmədiyini desə də, bundan əvvəl Pentaqondan Türkiyənin F-35 proqramından uzaqlaşdırılacağına dair verilmiş bəyanatlar da diqqət çəkir. F-35 proqramından uzaqlaşdırılmadan daha ağır nəticələr verə biləcək sanksiya isə “CAATSA” maddələrinin tətbiqi olar. 

Trampın 2017-ci ildə imzaladığı və ABŞ-ın “Düşmənlərinə sanksiyaların tətbiqi ilə mübarizə aparmaq” qanunu olan “CAATSA” müdafiə, kəşfiyyat, təhlükəsizlik kimi istiqamətlərə qarşı düşmən ölkələrə sanksiyaların tətbiqini nəzərdə tutur. “CAATSA”-da qeyd edilən istiqamətlər üzrə təhlükə əks etdirən ölkəyə müdafiədən iqtisadiyyata qədər 12 önəmli istiqaməti özündə birləşdirir. Prezidentin bunlardan ən azı 5-ni seçməsi məcburidir. “CAATSA”-da sanksiyalar üçün heç bir tarix məhdudiyyəti yoxdur. Yəni tətbiq edilmiş sanksiyaların nə vaxt qüvvəyə minəcəyi və nə qədər davam edəcəyinə dair məhdudlaşdırma yoxdur. 

ABŞ “CAATSA” qanunu ilə Şimali Koreya, İran və Rusiyaya sanksiyalar tətbiq edib. İndi də S-400 məsələsində “CAATSA” sanksiyalarının Türkiyəyə tətbiq edilib edilməyəcəyi müzakirə mövzusudur. 

Bu dönəmdə gələn müsbət bəyənatlar lirəni dəstəkləyir, ancaq qeyri-müəyyənliyin davam etməsi lirədə təzyiqlərin davam etməsinə səbəbdir. USDTRY cütlüyündə 5.64 altındakı günlük bağlanışlar 5.58-ə qədər qiymətlərin enməsinə imkan verə bilər. 5.64 dəstək həddi qırılmayacağı təqdirdə isə yenidən 5.78-lərə qədər artımlar müşahidə edilə bilər.