Valyuta bazarına qısa baxış - GBP/USD

10 İyul 2019

Dünən İngiltərədən açıqlanan pərakəndə satışlarla bağlı məlumatlar funt sterlinqin 2017-ci ilin aprelində yaranmış minumunu bir daha görməsinə səbəb oldu.

Valyuta bazarına qısa baxış - GBP/USD

Dünən dünya maliyyə bazarlarında kifayət qədər ciddi dinamika müşahidə etdik. Əsas aktivlik funt sterlinq və avroda baş verdi. Bu da təsadüfi deyildi. İngiltərədən açıqlanan pərakəndə satışlar məlumatı 2012-ci ildən bu yana ən zəif göstərici olaraq qeydə alındı və funt sterlinq ABŞ dolları qarşısında 2017-ci ilin aprelində yaranmış minumunu bir daha görmüş oldu. Britaniyada yeni baş nazir seçimlərinə doğru zaman azaldıqca bunun fonunda qeyri-müəyyənlik də artmış olur. Tereza Meyin öz postunu tərk etməsindən sonra sterlinqdə ortalama 2% dəyər itirmə müşahidə olunub. Bu gün də Britaniyadan ÜDM həcmi, sənaye istehsalı və emal sənayesi ilə bağlı önəmli fundamental gözləntilər var. Qeyd etdiyimiz gözlətinlərin hər birinin ötən ay azalma ilə açıqlamasına baxmayaraq bu ay artım ehtimalları proqnozlaşdırılır. Pozitiv gözləntilər fonunda funt sterliqnin yenidən 1.2550 qiymətinə qədər bahalaşa biləcəyi ehtimal olunur. Əks halda isə cütlük üzrə məzənnənin 1.2370-ə qədər enişi müşahidə oluna bilər. Eyni zamanda ötən həftənin əvvəlindən dollar indeksində 1,7% bahalaşma baş verib. Buna səbəb ötən həftə ABŞ-dan məşğulluq xəbərinin pozitiv dərci və FED rəsmilərinin son çıxışlarında faiz endiriminə qarşı olmaları göstərilir.