Villeroy de Qalhau: Yumşaq siyasəti genişləndirmək olar

12 İyun 2019

Avropa mərkəzi bankın idarə heyətinin önəmli üzvü tərəfindən yumşaq monetar siyasətin genişləndirilməsinə dair siqnalları diqqətlə izlənilir.

Villeroy de Qalhau: Yumşaq siyasəti genişləndirmək olar

Fransa mərkəzi bankının sədri Villeroy de Qalhau pul-kredit siyasətinin daha da yumşaldılmasının mümkün olduğunu bildirib. Bununla yanaşı, sədr Avropa mərkəzi bankının (AMB) sərhədlərini də göstərib. 


Çərşənbə günü Fransa televiziyasına müsahibəsində Villeroy de Qalhau mandatları daxilində hər şeyi edəcəklərini deyib və iqtisadiyyatın dayanması şəraitində daha çox tədbir görə biləcəklərini əlavə edib. Lakin möcüzələrə də malik olmadıqları və hər şeyin də əllərində olmadığı vurğulanıb. 


Pozulan qlobal ticarət münasibətlərinin həlli siyasi liderlərin, xüsusilə də Donald Trampın işidir və bu vəziyyət iqtisadiyyata inamı azaldır, qlobal iqtisadi inkişafı zəiflədir. Mərkəzi banklar belə vəziyyətlərdə yalnız təsirləri zəiflədə bilər. 


Qeyd etmək lazımdır ki, Villeroy de Qalhau açıqlamaları AMB sədri Mario Draqinin cümə axşamı çıxışını xatırladır. Draqi faiz qərarının açıqlanmasından sonra mətbuat konfransında yumşaq pul-kredit siyasətin həyata keçirilməsinə baxmayaraq, imkanlarının tükənmədiyini bildirmişdi və riskləri isə siyasi proseslərlə əlaqələndirmişdi. AMB-nin idarə heyətində bəzi üzvlər artıq faizlərin azaldılması və yeni istiqraz alışı proqramı imkanlarını müzakirəyə çıxarmışdı. 


Villeroy de Qalhau payız ayında səlayiyyət müddəti bitən Draqidən sonra AMB sədrliyinə namizədliyi yüksək qiymətləndirilən şəxslər arasındadır.