Yaponiya Mərkəzi Bankı siyasətinə davam edir

21 Dekabr 2017

Yaponiyada inflyasiyanın iki faizdən aşağıda olması fonunda "BoJ" yumşaq pul-kredit siyasətinə davam etməyi qərara alır.

Yaponiya Mərkəzi Bankı siyasətinə davam edir

Yaponiya Mərkəzi Bankı (ing.: "BoJ") yumşaq monetar siyasətinə davam edir. Belə ki, dünyanın üçüncü böyük iqtisadiyyatında inflyasiyanın zəif inkişafı, "BoJ"-i ultra yumşaq pul-kredit siyasətinə davam etməsinə məcbur edir. Yaponiya Bankı illərdir inflyasiyanın artmasına çalışır. Bu haqda məlumatı "BoJ" iki günlük müzakirələrdən sonra cümə axşamı açıqlayıb. 

Maliyyə bazarlarında da bu, gözlənilən qərar idi. "BoJ" Yaponiya iqtisadiyyatı ilə bağlı açıqlamalarında 2018-ci ilin mart ayına kimi olan inflyasiya gözləntilərini də 1.1%-dən 0.8%-ə kimi azaldıb. Bankın açıqlamasında əlavə edilib: "Yaponiya iqtisadiyyatında qlobal bazarda tələbin artması ilə son on altı ilin ən uzun inkişaf müddəti hökm sürür.  Ölkə üzrə iqtisadi inkişaf səviyyəsi də üçüncü rübdə 2.5%-ə yüksəlib. Daxili bazarda isə tələbin aşağı olması əsas problemlərdəndir. Lakin əmək haqlarında artım inflyasiyanın da artmasına səbəb olacaqdır".

Sonuncu gözləntilərə görə isə inflyasiyanın 2 faizlik hədəfə 2019-ci ildə çatacağı proqnozlaşdırılır. Lakin bununla yanaşı, iqtisadi inkişaf gözləntiləri də 2018-ci ilin mart ayına kimi davam edən hesabat dövrü üçün 1.8%-dən 1.9%-ə kimi artırılıb.

Qeyd etmək lazımdır ki,  yumşaq monater siyasət artıq Yaponiyada ÜDM-in ard-arda yeddi rüb artmasına və deflyasiya riskinin aradan qalxmasına səbəb olub. Lakin buna baxmayaraq,  ölkədə inflyasiyanın iki faizlik hədəfdən aşağıda olması fonunda "BoJ" yumşaq pul-kredit siyasətinə davam etməyi qərara alır. 

Yaponiya Bankı 2013-cü ildən siyasəti ilə ölkəsində illərdir davam edən deflyasiya ilə mübarizədə inflyasiyanı yenidən gücləndirməyə və iqtisadi inkişafı sürətləndirməyə çalışır. 2016-ci ilin fevral ayından etibarən isə Yaponiyada uçot faiz dərəcələri mənfi 0.1%-ə kimi endirilib. Bununla da, kommersiya banklarının depozit siyasətinin qarşısı alınmağa və kredit dövriyyəsinin artırılmasına çalışılır.