Yellen: İqtisadi inkişaf artacaq

14 Dekabr 2017

"FED"-in faiz qərarı və mətbuat konfransı ərəfəsində dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.8% ucuzlaşıb.

Yellen: İqtisadi inkişaf artacaq

Amerika Mərkəzi Bankının ("FED") cari il üzrə üçüncü faiz artımından sonra baş tutan mətbuat konfransında Janet Yellen gələcək sədr Jerom Povelin başçılığı ilə 2018-ci ildə də faiz artımına asta sürətdə davam ediləcəyini bildirdi. "FED"-in uçot faiz dərəcəsi dəhlizinin artırılmasının lehinə yeddi üzv, əleyhinə isə iki nəfər - Çarls Evans və Nil Kaşkari səs verib. Sözügedən şəxslər uçot faiz dərəcələrinin dəyişdirilməməsinin tərəfdarları idilər. 

Keçmiş zamanlarla müqayisədə faiz artımında həyata keçirilən asta dinamikanın gələn il də qorunması planlaşdırılır. Belə ki, "FED"-in monetar siyasətini müəyyən edən komitə (ing.: "FOMC") gələn il üç faiz artımı və beləliklə, ilin sonuna kimi faiz dərəcəsinin yuxarı sərhədinin 2.1% olmasını gözləyir. 2019-ci ilin sonunda isə 2.7% olması düzgün hesab edilir. 

Son hesabatlarda və çıxışlarda "FOMC" üzvləri ABŞ-da qiymət artımı dinamikasından narahatlıqlarını açıqlamışdılar. Bu gün açıqlanan gözləntilərdə də qiymət artımının yaxın gələcəkdə 2%-lik hədəfin altında qalacağını proqnozlaşdırırlar. Lakin orta müddət ərzində inflyasiyanın yenidən hədəfə çatacağı və üzərində möhkəmlənəcəyi gözlənilir. Bununla yanaşı, mətbuat konfransında çıxış edən Janet Yellen inflyasiyada güclü artımı zəiflədən amillərin "böyük ehtimalla müvəqqəti" olduğunu əlavə edib. Əmək məhsuldarlığında artımın sonuncu dəfə "narahat edici qədər zəif" olmasına baxmayaraq, güclü əmək bazarının da inflyasiyaya dəstək olacağı düşünülür. 

İqtisadi inkişaf fonunda da "FOMC" üzvləri nikbinliklərini qoruyurlar: 2018-ci il üzrə ÜDM-də artım gözləntiləri 2.1%-dən 2.5%-ə yüksəldilib. Donald Trampın həyata keçirilməsi planlaşdırılan yeni vergi qanununun da ölkə iqtisadiyyatına dəstək olacağı gözlənilir. Digər tərəfdən Janet Yellen dövlət borcunun da artması riskləri fonunda narahatlığını bildirib: "Şəxsən mən ABŞ-ın borc səviyyəsindən narahatam".

Maliyyə bazarlarında "FED"-in faiz qərarı və mətbuat konfransı ərəfəsində dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.8% ucuzlaşıb.