Yellen sonuncu toplantısında faiz dəyişmədi

31 Yanvar 2018

FED yanvar ayında faiz artımı həyata keçirməsə də, mart ayı üçün güclü siqnallar verib.

Yellen sonuncu toplantısında faiz dəyişmədi

Amerika Mərkəzi Bankının (FED) sədri Janet Yellen sonuncu toplantısında süpriz etmədi. Belə ki, çərşənbə günü açıqlanan toplantı qərarına əsasən, uçot faiz dərəcələri dəyişdirilməyib. Lakin mart ayında növbəti faiz artımı üçün güclü siqnallar verilib.

FED-in iki gün davam edən toplantısından sonra çərşənbə günü açıqladığı qərarında uçot faiz dərəcələri aralığı 1.25-1.50 səviyyələrində saxlanılıb. Maliyyə bazarlarında da hər hansı bir dəyişiklik gözlənilmirdi. Sonuncu dəfə bank uçot faiz dərəcəsinin yuxarı sərhədini dekabr ayının 13-də 1.50%-ə kimi artırmışdı və bu, bankın 2015-ci ilin sonundan etibarən başlayana siyasi dönüşü fonunda beşinci faiz artımı idi. 

Mart ayının 21-də baş tutacaq növbəti toplantıda, faiz artımının olacağı siqnalları isə toplantı protokolunda aydın görünür. FED-in açıqladığı toplantı protokulunda, komitə üzvləri Amerika iqtisadiyyatının mərhələri faiz artımına ehtiyac olduğunu bildirir. FED-in pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") iqtisadi inkişafın və inflyasiyanın son vəziyyətini yaxşı qiymətləndirir. 

Protokola əsasən, iqtisadiyyatın mülayim sürətdə inkişaf edəcəyi və əmək bazarının güclü qalması gözlənilir. Bununla yanaşı, inflyasiya da cari il ərzində artacaq, orta müddət ərzində iki faizlik hədəf ətrafında möhkəmlənəcəkdir. İqtisadi inkişaf üzrə risklər isə balanslaşdırılmış vəziyyətdədir. 

Maliyyə bazarlarında isə açıqlamalara reaksiya zəif olub. Avronun qiyməti hələ də 1.24$ ətrafında ticarət edilməkdədir. ABŞ səhm bazarları isə qismən ucuzlaşıb. 

Qeyd etmək lazımdır ki, FED sədri Janet Yellen bu həftənin sonu səlahiyyətlərini Jerom Povelə təhvil verəcəkdir. Povel əvvəllər idarə heyətinin üzvü olub və monetar siyasət qərarlarında yaxından iştirak edib.