Yunanistan iqtisadiyyatında zəif inkişaf

04 Dekabr 2017

Yunanıstan iqtisadiyyatının illik inkişaf gücü yay aylarında 1.3%-ə düşüb.

Yunanistan iqtisadiyyatında zəif inkişaf

Yunanistanın statistika idarəsinin ("Elstat") bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ÜDM rüblük müqayisədə yalnız 0.3% artıb - bundan əvvəlki 0.8 və 0.7%-lik rüblük artım göstəricilərindən sonra. 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə isə iqtisadiyyat 1.3% artıb. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür. 

Beləliklə, ikinci rübdə illik inkişaf səviyyəsinin 1.6%-ə kimi yüksəlməsi, hökümətin hədəfləri istiqamətində nikbinliyi artırsa da, üçüncü rüb üzrə göstəricilər gözləntiləri zəiflədib. 2017-ci ilin büdcəsində Afina 2.7%-lik inkişaf planlaşdırıb. 

Qeyd etmək lazımdır ki, Yunanıstan 2010-ci ildən beynəlxalq maliyyə yardımı ilə qorunur. 86 milyard avroluq cari, üçüncü yardım paketinin müddəti isə 2018-ci ilin avqust ayında bitir. Bu müddət ərzində yenidən kapital cəlb etmək üçün Yunanistan maliyyə bazarlarında etibarı geri qazanacağına ümid edir.