X

Neft qiymətləri 2020-ci ildə

neftin qiymətləri

2020-ci ilə yeni qədəmlərimiz dünya enerji birjalarında müxtəlif xam neft brendlərinin orta qiyməti kimi qəbul edilən Avropanın Brent nefti qiymətinin, ucuzlaşması ilə müşayiət edildi və bu gün son dörd ilin minimumunda ticarət edilir. Buna baxmayaraq, keyfiyyətli xam neftə olan tələb yüksək olaraq qalır və azalan ehtiyatlar fonunda qiymətlərdə növbəti bahalaşma dalğası da istisna deyildir.

Brent neftinin bir barel qiyməti yaxın tarixdə 1999-ci ilin yanvar ayında Asiya maliyyə böhranının bitməsi ilə 10$-dan bahalaşmağa başladı və 9 il ərzində 140$ ilə rekord qiymətlərə çatmışdı. Lakin qlobal iqtisadiyyatda yenidən artan iqtisadi və siyasi risklər fonunda qiymətlər ucuzlaşmağa başladı. Bunlardan ən önəmlisi 2007-2008 maliyyə və 2014-2015-ci illərdə neft şirkətlərinin yüksək borclanması böhranlarıdır.
Son qiymət dalğalanmaları haqqında danışarkən isə 2016-2020-ci illər ərzində Brent neftinin 27-85$ aralığında dalğalanmasına səbəb olan hadisə ilə tanış olmaq lazımdır. Belə ki, 2017-ci ildən etibarən qüvvəyə minən və qlobal istehsalın təqribən 47%-nə sahib olan “OPEC+” ölkələri arasında neft hasilatının məhdudlaşdırılması razılaşması, qiymətlərin bahalaşmasına səbəb olmuşdu. Bazarlarda dayanıqlı neft qiymətlərinin təmin olunması istiqamətində 24 ölkə arasında əldə edilən razılaşmalar, yalnız 3 il yaşadıldı. “Vyana Alyansı” kimi tanınan sazişdə iştirak edən neft ölkələri arasında razılaşmanın ləğv olunması isə bazarlarda yenidən hasilat yarışının başlamasına, neft qiymətlərinin də sürətlə ucuzlaşmasına səbəb oldu və bu gün yenidən 31$-a ticarət edilməkdədir.


Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, hasil edilən xam neftin və günlük istifadə edilən 100 milyon barelin təqribən 40%-i enerji bazarlarında yanacaq kimi istifadə edilir.
Kimya sənayesində isə son zamanlar xam neftə olan tələb artmaqdadır. Bura rəng və laklar, dərmanlar, yuyucu və təmizləyici maddələrin və s. istehsalı daxildir.

Beləliklə, avtomobil sənayesində inqilabi dəyişikliklərə baxmayaraq, dünyada xam neftə olan tələb yüksək olaraq qalır. Qiymətlər isə kəşf edilən neft yataqlarının ilbəil azalması fonunda daha da bahalaşa bilər.

Categories: Məqalələr
InvestAZ:
Related Post