Məqalələr

Tarixin ən böyük 5 iqtisadi böhranı

Written by InvestAZ

Hollandiyada Lalə İflası (1637)

Hollandiyada lalə soğanı bazarı çöküşü (digər adı ilə “lalə maniya”sı) bütün zamanların ən məşhur iflaslarından biri idi. O dövrdə lalə ticarəti ilə məşğul olan bir çox insan müqavilələrlə lalələrin çiçək açacağına zəmanət verirdilər. Hökumət bu maniyanın qarşısını almaq məqsədilə fyuçers müqavilələrinin qısa satışını qadağan etdi. Məhsulu baha qiymətə satmağa alıcı tapa bilməyəndə tələbat da azaldı. Qiymətlərin ucuzlaşmağı möhtəkirləri Hollandiya hökumətindən dəstək istəməyə məcbur etdi. Hökumət fyuçers müqavilələrinin 10 faizlik ödənişlə ləğv edilməsinə qərar versə də, tacirlər lalə satışını həyata keçirə bilmədi. 

Wall Street İflası (1929)

1920-ci illərin sonunda yüzlərlə yatırımçı birjada spekulyativ “köpük” yaratdı. Səhm almaq istəyənlər ümumilikdə 8.5 milyard dollarlıq borca imza atdı. O zaman dövriyyədə bu rəqəmdən daha az pul var idi. 24 oktyabr 1929-cu ildə bazarda qiymət azaldıcı amillər işə salındı. İnvestorlar böyük bir çaxnaşma içində bütün investisiyalarını birjalarda sataraq, iqtisadi depressiyanı daha da qızğın hala gətirdi. Bazarda inamı bərpa etmək üçün Rokfeller ailəsi və iri bankların menecerləri iri miqyaslı səhm alışları etdi. Amma bu addım panikanı dayandıra bilmədi, 24 oktyabr həftəsində bazarda dəyər itkisi 30 milyard dollara çatmış oldu. Fond bazarı çökdü, müəssisələr bağlandı və kütləvi iflaslar baş verdi.

ABŞ-da kredit və əmanət depozitləri böhranı (1986-1989)

ABŞ Hökuməti uzunmüddətli və sabit faizli ipoteka qiymətli kağızlarını maliyyələşdirmək üçün qısamüddətli girovla maliyyələşdirilən kreditləri və əmanət depozitlərini yığışdırdı. Qısamüddətli faiz dərəcələri artdıqca, kreditlər və əmanət depozitləri dəyərini itirməyə başladı. Bu səbəbdən mənfi ipoteka faizləri yarandı. Faiz dərəcələrindəki məhdudiyyətlər bazarı idarəolunmaz hala gətirdi. O zaman Fed sədri Pol Volker 1980-ci illərin əvvəllərində staqflyasiya ilə mübarizə üçün dolların artımını məhdudlaşdırmaq qərarına gəldi. Nəticədə faiz dərəcələri kəskin şəkildə yüksəldi, kreditlər və əmanət depozitləri çökdü.

İsveç İqtisadi böhranı (1990-1994)

1985-ci ildə İsveç dövləti kredit bazarında dövlət nəzarəti tələbini ləğv etdi. Bu qərardan sonra kommersiya daşınmaz əmlak spekulyasiya balonu partladı. 1990-1994-cü illər arasında İsveçin ən böyük bankı da daxil olmaqla bank sektorunun 90 faizi böyük itkilərə məruz qaldı. İsveç hökuməti banklara maliyyə dəstəyi verərək böhranın qarşısını almağa çalışdı. İki bankı milliləşdirdi və banklara kredit verən qurumlara zəmanət verdi. Amma əksinə, bundan banklar daha çox zərər çəkdi. 

Böyük tənəzzül (2007-2008)

2007-ci ilin yayında bütün dünya üzrə maliyyə bazarları ucuz kreditlə bağlı uzun illərdir ki, hesablaşmanın gecikdirilməsinin əlamətlərini göstərməyə başlamışdı. İki “Bear Stearns” “Lehman Brothers”  hedc fondu çökdü. “BNP Paribas” isə investorlara onun iki fondundan pul çıxara bilməyəcəkləri barədə xəbərdarlıq edirdi. Britaniya bankı “Northern Rock” İngiltərə Dövlət Bankından təcili maliyyə vəsaiti almaq üzrə idi. Xəbərdarlıq əlamətlərinə baxmayaraq, çox az sayda investor vəziyyətin Böyük Tənəzzülə səbəb olmaq üzrə olduğundan şübhələnirdi. Təxminən səkkiz onilliyin ən pis böhranı qlobal maliyyə sistemini bürüməkdə idi. Bu böhran hətta Wall Street-in nəhənglərinə belə diz çökdürdü. Bir çox adi insanların işlərini, həyatlarını, evlərini və ya hər üçünü itirməsinə səbəb olan epik maliyyə və iqtisadi çöküş oldu.

Müəllif haqqında

InvestAZ

Şərh yazın