X

Token nədir?

token nedir

Son zamanların trend mövzusu olan “Initial Coin Offering”, “ICO” və ya “Token Sales” terminləri çox güman ki, bir çoxlarını maraqlandıran mövzulardandır. Bu gün isə kripto valyutalar bazarlarında önəmli termin hesab edilən “Token”-lər haqqında söz açacağıq.

Kripto valyutalar rəqəmsal ödəniş vasitəsidir. Burada söhbət kripto qrafik prinsiplərdən istifadə edilərək, paylanmış, mərkəzsizləşdirilmiş və təhlükəsiz rəqəmsal ödəniş sisteminin yaradılmsından gedir.

“ICO” və tokenlər

“İlkin Koin Yerləşdirmə” (ing.: “Initial Coin Offering”, “ICO”) və ya “İlkin Kütləvi Koin Yerləşdirmə” (ing.: “Initial Public Coin Offering”, “IPCO”) “İlkin Kütləvi Yerləşdirmə” (ing.: “Initial Public Offering”, “IPO”) ifadəsinə əsaslanaraq yaranmış bir termindir. Burada söhbət əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. “ICO” zamanı isə tokenlərin satışı baş verir.

Tokenlərin funksiyası

Tokenləri bir növ rəqəmsal kuponlar kimi də təsəvvür etmək olar və hər bir tokenin funksiyası dəyişə bilir. Bu, əksər vaxtlarda yeni layihəni maliyyələşdirmək üçün nəzərdə tutulmuş valyutadır. Bu zaman investorlar dövriyyədə olmayan kripto valyutaya investisiyada ilkin olmaq imkanı əldə edir. Layihə uğur qazandıqda isə tokenlərin də dəyəri artır.

Tokenlər monetar dəyərdən savayı da mənalar daşıya bilərlər. Bunun üçün bir nümunə də “Etherum” blokçeyninə əsaslanan “DAO”-dur (ing.: “decentralized autonomous organization”). Belə ki, “ICO” zamanı bazara çıxarılan tokenlərin gələcək sahibi, yaranacaq təşkilatda səs hüququ qazanmış olur. Beləliklə, burada tokenlər bugünkü klassik səhmləri xatırladır. Fərq isə ondan ibarətdir ki, burada söhbət firmadan yox, rəqəmsal təşkilatdan gedir.

Digər bir nümunə isə “Storjcoins”-dir. Bu, “Stroj.io” (mərkəzsizləşdirilmiş rəqəmsal yaddaş (cloud) texnologiyası təqdim edən şirkət) tərəfindən “ICO” zamanı satılmış tokenlərdir. “Storjcoins”-lar normal kripto valyutalar kimi ticarət və ya “Stroj.io”-dan yaddaşın alınmasında istifadə edilə bilər. Beləliklə, “ICO” zamanı satılan tokenlər sırf investisiya aləti kimi istifadə məqsədi üçün deyil.

Risklər

Bu gün kapital bazarlarına nəzarət edən rəsmi qurumlar mövcuddur ki, onların ən önəmli məqsədi investorların qorumaqdır. “ICO” bazarlarında isə nəzarət yoxdur. Məhz bu səbəbdən bu bazarlarda investisiya zamanı diqqətli olmaq tövsiyyə edilir.

Categories: Kriptovalyutalar
InvestAZ:
Related Post