Məqalələr

“Black Friday” (Qara Cümə) səhm bazarlarına necə təsir edir?

Qara cümə və səhm bazarları
Written by InvestAZ

“Şükran günündən” sonrakı cüməyə “Qara cümə” deyilir. Əvvəl yalnız ABŞ və Kanadada məşhur olan bu gün artıq bütün dünyada ticarətlə məşğul olan hər kəs tərəfindən yaxşı tanınır və ən əhəmiyyətli pərakəndə satış və alış-veriş günlərindən biridir. Hər “Qara Cümə” günü öncəsi analitiklər həyata keçiriləcək sövdələşmələrin qiymət yüksəkliyi ilə bağlı proqnozlar verirlər və investorların yatırımları bu proqnozların yerinə yetirilib – yetirilməməsindən təsirlənə bilər. Bu yazıda sizlərə “Qara Cümə” və “Şükran gününün” səhm bazarlarına necə təsir etdiyini təqdim etmək istərdik.

“Qara Cümə” gününün əsl tarixi

Ümumiyyətlə, Qara cümə gününün arxasında bir çox rəvayətlər dayanır. 1950-ci ildə ABŞ-ın Filadelfiya ştatında bir futbol oyunu zamanı şəhərdən kənarda yaşayanların da şəhərə axışması zamanı insan izdihamını idarə etmək üçün bütün polis qüvvələrinin səfərbər olmasından sonra həmin hadisənin qara cümə adlandırıldığı deyilir. Başqa qaynaqlara görə Qara Cümə 24 sentyabr 1869 -cu ildə baş verən bir bədbəxt hadisə idi. O gün, gərgin müzakirələrdən sonra qızılın dəyəri düşdü və birja bazarları çökdü. Bu günün tarixi haqda bir çox belə fərqli fikirlər mövcud olsa da, hal-hazırda bu gün bildiyimiz sövdələşmələrlə dolu böyük alış-veriş günü kimi qeyd edilir.

“Qara Cümə” gününün birjalara və müxtəlif bazarlara təsiri

Əslində ümumi fond birjası və daha geniş investor qiymətləndirmələri Qara Cümə gününün nəticələrindən o qədər də təsirlənmir, bu bazar üzvləri bir çox hadisələrin maliyyə və siyasi nəticələrinə daha çox diqqət ayırırlar.

Pərakəndə satış və İstehlakçılar:

Qara Cümə gününün potensial alıcılara təsir etdiyini danmaq olmaz. Fərqli təbəqələr üçün, bu hadisə nağd pula qənaət etməyə unikal bir gün kimi dəyərləndirilir. Hər il bütün mediyalardan görürük ki, bir çox məhsul üçün pərakəndə satış məntəqələrində necə izdihamlar baş verir və alıcılar öz aralarında istədikləri məhsulu ala bilmək üçün necə mübarizə aparırlar. ABŞ-ın Milli Pərakəndə satış Federasiyası (National Retail Federation-NRF), 15 Yanvar 2021-ci ildə, 2020-ci il tətil mövsümündə pərakəndə satışların illik 8.3% artaraq 789.4 milyard dollara çatdığını, NRF gözləntilərini aşdığını bildirdi. “İnternet və mağazadan kənar satışlar” 23,9% artaraq 209 milyard dollara çatdı. Bu, 5 illik orta artımdan iki dəfə, 3,5% çoxdur.

Səhmlər/Birja fondları:

Bir çox analitik və investorlar Qara Cümə gününün dördüncü rüb üçün və ya bütövlükdə bazarlar üçün hər hansı bir real proqnoz gətirə biləcəyi anlayışına inanmırlar. Əksinə bunun yalnız çox qısa müddətli mənfəət və ya itkilərə səbəb olduğunu irəli sürürlər. Qeyd edək ki, “Qara Cümə” günündən bir həftə əvvəl və bir həftə sonra ABŞ-ın ən gəlirli sektoru pərakəndə ticarət olur. 2007-ci ildən 2017-ci ilə qədər, S&P 500 pərakəndə satış səhmlərinin bir qrupu, bu dövrdə S&P 500 üçün ortalama 3% gəlirlə müqayisədə 5% gəlir gətirdi. Bütün bu 10 il ərzində, bu pərakəndə səhmlər səbəti 10 günlük müddət üçün müsbət ticarət edirdi. Bu tendensiya, S&P 500 Pərakəndə Sənaye Qrupunun 2018 və 2019-cu illərdə müvafiq olaraq S&P 500-dən 1.5% və 0.1% üstün olması ilə davam etdi. Lakin bu model 2020-ci ildə bu cür işləmədi və həmin il S&P 500 4.1%, ancaq pərakəndə satış qrupu yalnız 2.2% gəlir əldə etdi.

Şükran günü və ya Milad bayramı üçün əlavə istirahət günlərinin olması birjalara təsir edə bilər. Ümumiyyətlə, “Qara cümə” günündən Kiber Bazar ertəsinə qədər olan müddət pərakəndə satış səhmlərinə təsir göstərə bilər, ancaq daha böyük fond birjaları pəncərəsindən baxan zaman bu çox da böyük dəyişikliklərə səbəb olmur. 

Müəllif haqqında

InvestAZ

Şərh yazın