1. Nübar xanım, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №28 yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Çox təşəkkür edirəm! Bu müsabiqədə qalib olmaq mənim üçün böyük motivasiya və qürur mənbəyidir. Bu proses ərzində həm yeni biliklər qazandım, həm də özümü daha da inkişaf etdirmək imkanı əldə etdim. Belə bir platformanın yaradılması və gənclərə dəstək olunması çox dəyərlidir.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Mən Nübar Sarıyeva, 24 yaşındayam. 2019–2023-cü illərdə Sumqayıt Dövlət Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil almışam.
Ali təhsilimi başa vurduqdan sonra, 2023–2025-ci illərdə Azərsun Holdinqə daxil olan AL Market MMC-də faktura kontrol üzrə fəaliyyət göstərmişəm.
Hazırda isə 2025-ci ildən etibarən Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA MMC-də hesablaşmalar üzrə mütəxəssis vəzifəsində çalışıram.
Peşəkar fəaliyyətim ərzində maliyyə və əməliyyat prosesləri sahəsində təcrübə qazanmış, eyni zamanda bilik və bacarıqlarımı davamlı olaraq inkişaf etdirməyə xüsusi önəm vermişəm.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
İnvestisiya sahəsi hər zaman mənim üçün maraqlı olub. Məhz bu maraq məni Forex bazarı ilə tanış olmağa sövq edib. İlkin mərhələdə bu sahə haqqında araşdırmalar apararaq bazarın işləmə prinsiplərini öyrəndim və zamanla analitik yanaşmamı inkişaf etdirdim.
Valyuta bazarının dinamikliyi və qlobal iqtisadi proseslərlə sıx bağlı olması bu sahəyə marağımı daha da artırdı. Sizin təşkil etdiyiniz bu müsabiqə isə mənim üçün real investor kimi formalaşmaq baxımından mühüm rol oynadı və nəzəri biliklərimi praktikada tətbiq etməyə imkan yaratdı.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Bundan əvvəlki yarışmalarda daha riskli əməliyyatlar həyata keçirdiyim üçün yüksək nəticə əldə edə bilməmişdim. Lakin bu təcrübələr sayəsində risklərin idarə olunmasının vacibliyini daha dərindən anladım və yanaşmamı daha analitik və diqqətli şəkildə formalaşdırdım.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
İqtisadi bazarda baş verən hadisələri yaxından izləyərək yaranan fürsətləri dəyərləndirməyə çalışıram.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı prinsiplərə əsaslanırsınız?
Əsasən texniki analiz metodlarından istifadə edirəm və qərarlarımı bazar göstəricilərinə əsaslanaraq verirəm.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Qətiyyən. Hər bir uğursuzluğu növbəti uğurum üçün bir təməl daşı kimi qiymətləndirirəm.
8. Yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Bəli, ilk üçlükdə olacağıma inanırdım. Sevindirici haldır ki, nəticədə birinci yerə layiq görüldüm.
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Ümumilikdə nəticədən razıyam, lakin düşünürəm ki, daha az riskli yatırımlarla daha yaxşı nəticə əldə etmək mümkün idi.
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?
Bəzən bazarda fürsətlər cəlbedici görünə bilər, lakin düzgün analiz aparmadan və səbirli yanaşmadan investisiya etməyə tələsməmək vacibdir.
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Ümumilikdə hər şey yüksək səviyyədə təşkil olunub. Yeganə təklifim odur ki, 50%-lik yatırım şərti bir qədər yumşaldıla bilər. Çünki bəzən investisiyalar 40%-ə qədər geriləsə də, sonradan hədəflənən nəticəyə çatmaq mümkün olur. Bununla belə, təşkilatçılara təşəkkür edirəm – çox uğurlu bir müsabiqədir.