Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
“Sahibkar ilə sərmayəçi arasında çox böyük fərq vardır”.
“Marja” xəbər verir ki, bunu Türkiyənin “BloombergHT” televiziya kanalında çıxışı zamanı “İnvestAZ” şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev deyib.
“Biz deyirik ki, hər bir kəs sərmayəçi ola bilər, çünki sərmayə hər kəsin haqqıdır. Əslində biz, siz və təbiətdəki canlı varlıqların hamısı sərmayəçidir. Çünki bu, təbii bir haqqdır. Sahibkarlıq isə qorxmadan risk etməyi tələb edir. Bu da bir sıra insanlara doğulduqda verilən bir xüsusiyyətdir. Bu səbəblərə görə sahibkar ilə sərmayəçi arasında çox böyük fərq vardır”.
Elşən Quliyev qeyd edib ki, müasir dünyada texnologiya olmadan sərmayə bazarlarını düşünmək mümkün deyil. İndiyədək dünyada insanların fond və valyuta birjalarında sərmayəçi olmaları üçün çoxlu platformalar qurulmuşdur. “İnvestAZ” şirkətinin “İnvestOR” platforması isə daha rahat, sadə, təhlükəsiz və daha geniş sərmayə imkanlarına malikdir.
“Biz ilk dəfə xidməti məhsula çevirən bir şirkətik. Sərmayə dünyasında məhsulları az, orta və yüksək riskli olmaqla 3 qrupa bölmüşük. İstənilən sərmayəçi özünə uyğun məhsulu seçib, bizim sərmayəçi dostu ekran dediyimiz “İnvestOR”platforması vasitəsilə tək hesabdan sərmayə yatıra bilər”.
Elşən Quliyev ilk dəfə birjaya girənlərə tövsiyə edərək bildirib ki, yeni başlayanlar üçün təhsil əsas şərtdir.
“Sərmayə aləti istər səhm, istər neft, qızıl, istərsə də Avro/Dollar cütlüyü olsun, mütləq minimim biliyə malik olmaq lazımdır. Biz sərmayəçilərə minimum biliyi vermək üçün ödənişsiz ilkin başlanğıc seminarları təklif edirik. Seminarlara yazılmaq da onlayındır. Bundan əlavə “İnvestAZ” şirkəti “İnvestU” layihəsi çərçivəsində təməl səviyyədən peşəkar səviyyəyə qədər Univeral Treyder, Ticarət Praktikası, Texniki və Fundamental analiz, Elliot dalğası, Xaos nəzəriyyəsi və s. üzrə tədris kursları təqdim edir”.
“İnvestAZ” ın sədri bildirib ki, birja əməliyyatlarını, xüsusilə Foreksi öyrənmədən sərmayə yatırmaq böyük ehtimalla iflasa gətirib çıxardacaqdır.
“İnsanlar Foreksi bilmədikdə, o təhlükəli bir silahdır. Onlar özləri-özlərini vura bilərlər. Bu silahı öyrənmədən istifadə etmək olmaz. Bizim də bazara yanaşmamız belədir. Sərmayəçi, “qırmızı” məhsul adlandırdığımız foreksi istəyirsə, buyurun deyirik. Həmçinin bildiririk ki, Foreks çox böyük gəlir vəd edir, amma digər tərəfdən də çox böyük riski var. Bu məhsulları öyrənmədən istifadə etmək özünü vurmaq deməkdir. Biz foreks əməliyyatları aparmaq istəyənlərə ilk növbədə özlərinə sərmayə yatırmağı, bu işi öyrənməyə zaman sərf etməyi tövsiyə edirik”.
Türkiyə bazarındakı mövcud vəziyyətə toxunan Elşən Quliyev deyib ki, bu ölkədə də fərdi sərmayə bazarı yüksək inkişaf etməyib. Bunun da səbəbi platformaların çox əlçatan və sadə olmamasından irəli gəlir: “Bizim şirkət fərdi sərmayə bazarına çox böyük mesajlar verir. 2023-cü ilə qədər Türkiyənin iqtisadi inkişafına paralel olaraq, Türkiyə nüfuzunun təxminən 10%-nin fərdi sərmayə bazarında iştirak edəcəyinə inanırıq. Biz 7 milyon sərmayəçi yetişdirmək sözünü vermişik. Bu hədəfimizin arxasında Türkiyənin gənc əhalisi dayanır”.
Qeyd edək ki, “İnvestAZ” şirkəti 10 ildən artıq bir müddətdir dünya maliyyə bazarlarında müştərilərinə peşəkar xidmət göstərir və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin diler, broker və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalarına malik tək şirkətdir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. “İnvestAZ” şirkəti Bakı Fond Birjasının və Borsa İstanbulun səhmdarı və üzvüdür.