Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
07 Oktyabr 2013-cü il tarixində Bakı Fond Birjası (BFB) ilə İnvestAZ şirkəti arasında likvidlik üzrə market-meyker sazişi imzalanmışdır. Sazişə əsasən, InvestAZ şirkəti Birjanın «Meta Trader 4» platforması əsasında FOREX bazarının alətləri üzrə əqdlərdə likvidlik təminatçısı olacaq.
Likvidlik təminatçısı olaraq şirkət 44 valyuta cütlüyü, qiymətli metal və digər əmtəələr, o cümlədən 3 fərq müqaviləsi (CFD) üzrə alış və satış kotirovkaları təmin edəcək. Kotirovkalar həftənin 5 günü 24 saat ərzində elan ediləcək. Likvidlik təminatçısı əqdləri üzrə hesablaşmalar ölkə daxilində təşkil ediləcək.
Qeyd edək ki, «Meta Trader 4» ticarət platforması qabaqcıl texnoloji xüsusiyyətlərə malik olmaqla yanaşı, yerli maliyyə bazarları iştirakçılarının tələblərinə tam olaraq uyğunlaşdırılıb. Platformanın hazırlanması zamanı istifadə olunmuş mütərəqqi texniki həllər məlumatların qorunması və təhlükəsizliyi, sistemin dayanıqlı fəaliyyəti, həmçinin hesablaşmaların ölkə daxilində həyata keçirilməsinə imkan verir.